Azərbaycan Respublikası Kontakt Karate Federasiyasında yeni təyinat baş tutub. Federasiyanın İdarə Heyətinin qərarına əsasən, Təbriz Bəğəliyev Jissenkay karate idman növü üzrə yeniyetmələr və gənclər arasında Baş məşqçi vəzifəsinə təyin olunub.

Rəsmi sənəddə onun bu sahədəki peşəkarlığı, təcrübəsi və gənclərin idman sahəsində inkişafına verdiyi töhfə yüksək qiymətləndirilib. Qeyd olunur ki, onun bilik və bacarıqları istedadlı idmançıların yetişdirilməsində və komandanın müxtəlif səviyyəli yarışlarda yüksək nəticələr qazanmasında əhəmiyyətli rol oynayacaq.

Yeni vəzifəsi çərçivəsində Təbriz Bəğəliyev, idmançıların yaş və hazırlıq səviyyəsinə uyğun təlim proqramlarının hazırlanması və həyata keçirilməsi, təlim-məşq toplanışlarının təşkili, yarışlara hazırlıq işlərinin aparılması və idmançıların valideynləri ilə düzgün əlaqələrin qurulması sahəsində fəaliyyət göstərəcək. Eyni zamanda, o, idman etikasına və ədalətli prinsiplərə sadiq qalmaqla bu sahədə nümunəvi fəaliyyət nümayiş etdirməlidir.

Qeyd edək ki, Təbriz Bəğəliyev Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. O, Kontakt Karate üzrə Avropa çempionu olmaqla yanaşı, Azərbaycan Respublikasının İdman ustası adını da daşıyır. Federasiya rəhbərliyi bu təyinatın Jissenkay karate idman növünün inkişafına mühüm töhfə verəcəyinə inanır.